COP29 | Planetin xilasına Azərbaycanın töhfəsi | ŞƏRH

      COP29 |    Planetin xilasına Azərbaycanın töhfəsi    | ŞƏRH
  17 Noyabr 2024    Oxunub:971
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin Bakıda keçirilən Konfransı - COP29 uğurla davam edir. Ölkəmizin indiyədək qazandığı siyasi və iqtisadi nüfuzu əyani olaraq bir daha təsbit olunur. 196 ölkədən aralarında 80 prezident, vitse-prezident və baş nazir olmaqla 72 min nəfərin Bakıya gəlişi heç də az şey ifadə etmir.
Bu, məsələnin birinci tərəfidir. Konfransda bir sıra istiqamətlər üzrə sözdən əmələ keçid barədə qərar və razılaşmaların əldə olunacağı gözlənilir. Ölkəmiz neft-qaz ölkəsi sayılsa da, yaşıl enerji sahəsində qarşısına qoyduğu hədəf və məqsədlər çox şeyi ifadə edir.

Azərbaycan indiyədək bir sıra həm beynəlxalq, həm də regional əhəmiyyətli layihələrin müəllifi və icraçısı sayılır. O qədər də böyük əraziyə malik olmasaq da, enerji resursları ölkəsi kimi tanınır, Avropaya, dünya bazarlarına xam neft ixrac edirik. O cümlədən, 4 ildir Avropaya qaz da satırıq və hazırda 10 ölkə bizdən qaz alır. Getdikcə bu ölkələrin sayı artacaq.

Azərbaycan müəlliflik etdiyi və reallaşdırdığı nəhəng neft-qaz layihələrindən dolayı üzərinə düşən məsuliyyəti, yəni ekologiyanın qayğısına qalmaq, dünyada iqlim şəraitinin yaxşılaşması üçün töhfə vermək kimi məsələləri də dərk edir və bütün bu istiqamətlərdə addım atmağa həmişə hazırdır.

Azərbaycan COP29-un ev sahibi kimi bütün təşkilati məsələləri yüksək səviyyədə həyata keçirib. Bunu qonaqlar da etiraf edirlər. Ümumiyyətlə, bu cür tədbirlərdə böyük təcrübəyə sahib olduğumuzu dəfələrlə nümayiş etdirdiyimizdən, bizə bələddirlər.

COP29 çərçivəsndə qarşıya qoyulan məqsədlərə daha yaxın gediləcəyi və tez nail olunacağı şübhə doğurmur. Bir var, bütün ölkələr bir yerə yığışsınlar, danışsınlar və dağılışsınlar, bir də var ki, müzakirələrin gedişində əməli nəticələr əldə edilərək, konkret işlərə keçmək üçün müvafiq qərarların qəbulu ilə bağlı razılığa gəlsinlər. Bu mənada Azərbaycanın ev sahibliyi etdiyi tədbirin əvvəlkilərdən daha böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.

Ölkəmiz alternativ enerji mənbələrindən istifadə sahəsində qətiyyətli addımlar atıb və atır. İstər Birləşmiş Ərəb Əmirliyinin "Masdar" və ondan əvvəl "Acwa Power" şirkətləri ilə günəş və elektirk enerjisinin istehsalı ilə bağlı əməkdaşlığa başlanılması, istərsə də bugünlərdə Bp ilə Cəbrayılda yeni külək və günəş elektrik stansiyalarının qurulması faktları göstərir ki, ortada bu sahədə müvafiq inkişaf konsepsiyamız, hədəfimiz və məqsədimiz vardır. Hədəflərdən biri odur ki, Azərbaycan bu gün neft-qaz ixracatçısı kimi tanındığı kimi tezliklə həm də dünyaya “yaşıl enerji” ixracatçısı kimi tanınsın. Çünki, ölkəmizin bərpaolunan enerjidə real texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat ölçülür. Bu, kifayət qədər ciddi rəqəmlərdir.

2030-cu ilə qədər Azərbaycanda altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır ki, 10 giqavatlıq bərpaolunan enerji üzrə müqavilə və anlaşma memorandumu imzalanıb. Çünki Azərbaycanın təbii şəraiti buna əla imkan verir və əsas yaradır. Bunun üçün bizim hər cür imkanımız var. Gələcəkdə kənara “yaşıl enerji” ixrac etmək potensialımız mövcuddur. Qarşıda bu sahədə daha geniş addımlar atılacaq, bu da dünyada ekologiyanın qorunmasına bizim töhfəmiz sayılacaq.

Təkcə bu deyil, ölkəmizin həm də iri və xırda dövlətlərə müxtəlif təbii fəlakətlərlə üzləşdikləri zaman texniki və maliyyə dəstəyi göstərib və göstərir. Prezident İlham Əliyev COP29 çərçivəsində çıxışlarının birində qeyd etdi ki, biz qeyd olunan istiqamətdə köməyimizi bundan sonra da əsirgəməyəcəyik.

Ümumiyyətlə, Azərbaycan əməli addımlar atmağa həmişə hazır olduğunu nümayiş etdirib. Bundan sonra da bir çox ölkələrə ərzaq təhlükəsizliyinin təmin olunması, ekologiyanın, ətraf mühitin qorunması və sair kimi məsələlərin həllində dəstək göstərməyə hazırdır. Bütün bunlar ölkəmizin nüfuzunun göstəricisi hesab olunur və dünyada öncül dövlətlərdən biri kimi qəbul olunmağımıza əlavə zəmin yaradır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: COP29  





Xəbər lenti